ANAMA və AFFA-nın birgə təşkilatçılığı ilə amputant futbolçular arasında oyun təşkil olunub VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda "Minalara yox deyək" şüarı altında amputant futbol komandaları arasında yoldaşlıq oyunu keçirilib. Bakı Olimpiya Stadionunun minifutbol meydançalarından birində reallaşan qarşılaşma 6:6 hesablı heç-heçə ilə yekunlaşıb.
Mina partlayışları nəticəsində xəsarət almış amputant şəxslərdən ibarət futbol oyunlarının keçirilməsi mina təhlükəsinə dair maarifləndirmə sahəsində kütləviliyin artırılması, eləcə də minadan zərərçəkmiş şəxslərin sosial inteqrasiyası istiqamətində böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, mina problemi bəşəri problemdir. İnsanların mina təhlükəsinə dair maarifləndirilməsi, minalara qarşı mübarizənin gücləndirilməsi, problemin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılması məqsədi ilə BMT Baş Assambleyasının 2005-ci ildə qəbul etdiyi Qətnamə ilə 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd edilir. Mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləridir.