BMT eksperti: Dünyaya yayılan müasir müstəmləkəçilik məsələsi ilə məşğul olmaq üçün strategiya hazırlamaq vacibdir VİDEO

Nyu-York, 16 aprel, AZƏRTAC
2025-ci ildə bütün dünyaya yayılan müasir müstəmləkəçilik məsələsi ilə məşğul olmaq üçün strategiyalar hazırlamağımız vacibdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT eksperti Karlayl Korbin deyib. O, Bakı Təşəbbüs Qrupunun keçirdiyi bütün tədbirlərin böyük əhəmiyyət daşıdığını və tədbirin BMT binasında keçirilməsin digər institutlarla əlaqələndirmə baxımında vacib olduğunu bildirib. Onun sözlərinə görə, bir sıra müstəmləkə ərazilərinin Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya edilməli ölkələr siyahısına daxil edilmək niyyətləri artıq müzakirələrin uğurundan xəbər verir: “Bu, mühüm addımlardan biridir və hesab edirəm ki, bir çox digər ərazi də eyni şeyi həyata keçirməkdə maraqlıdır”.
Ekspert BTQ-nin sifarişi ilə hazırladığı “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabatda Fransa müstəmləkəçiliyinin təkamülündən bəhs edildiyini bildirib: “Biz müstəmləkəçiliyin qlobal miqyasda rolunu da nəzərdən keçirdik. Həmçinin bu günə qədər zamanla inkişaf etmiş müxtəlif tənzimləmələr, siyasi və konstitusiya tənzimləmələrinə baxdıq. Bu səbəbdən fəaliyyətimizi sənədləşdirməyə davam edirik. Əslində, kitab xalqların öz müqəddəratını təyin etmələrini təşviq etməklə bağlı hökumətlərin fəaliyyətləri və BMT-nin səylərini sənədləşdirir”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York