Sumqayıtda səsboğuculara qəsdən müdaxilə edən moped və motosiklet sürücüləri saxlanılıblar VİDEO
Bakı, 5 may, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə keçirilən növbəti profilaktik tədbir zamanı yüksək səslə küçə və prospektlərdə hərəkət edərək şəhər sakinlərinin haqlı narazılığına səbəb olan motosiklet və moped sürücüləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin əksər hissəsinin səsboğucularına sürücüləri tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb. Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan həmin şəxslər barəsində inzibati tədbirlər görülüb.
Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Sumqayıt şəhərində sakinlərin istirahətini bilərəkdən pozan, neqativ hərəkətlərə yol verən bu tipli moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.