Rektor: Ötən il “Scopus” bazasında UNEC əməkdaşlarının məqalələrinə 6 mindən çox istinad olub VİDEO
Bakı, 12 iyun, AZƏRTAC
2024-cü ildə “Web of Science” platformasında Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının 662 məqaləsi yerləşdirilib və həmin nəşrlərə 3432 istinad olunub. 2020–2024-cü illər ərzində UNEC üzrə “Web of Science” platformasında yerləşdirilmiş məqalələr, bütövlükdə Azərbaycan universitetlərinin bu dövrdəki məqalələrinin 19 faizini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (ISCEMR-2025) deyib. O bildirib ki, təkcə 2024-cü ildə “Web of Science” və “Scopus”da yerləşdirilmiş məqalələrə görə UNEC-in Azərbaycan universitetləri arasında payı 22.7 faizdir: “Xarici tədqiqatçıların iştirakı ilə birgə müəlliflik əsasında həmin dövrdə 574 məqalə çap olunub. 2024-cü il ərzində “Scopus” bazasında UNEC əməkdaşlarına məxsus 845 elmi məqalə yerləşdirilib və həmin əsərlərə 6374 istinad verilib. Təkcə 2024-cü ildə birinci kvartalda yerləşdirilmiş məqalələrin sayı 484, ikinci kvartalda isə 154 olub. Birinci kvartalda yerləşdirilmiş məqalələrin sayına görə də UNEC lider mövqedədir. 2024-cü ilin ikinci yarısından etibarən biz bu elmi fəaliyyətin daha da genişləndirilməsi istiqamətində yeni mərhələyə keçmişik”.