ADA Universitetinin Qazax Mərkəzində Yusif Səmədoğlunun 90 illiyi ilə əlaqədar konfrans keçirilib VİDEO
Qazax, 14 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə Vaqif Poeziya Günlərinə ADA Universitetinin Qazax Mərkəzindən başlanılıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, dərin fəlsəfi yaradıcılığı və orijinal ədəbi üslubu ilə tanınan Yusif Səmədoğlunun anadan olmasının 90 illiyi münasibətilə ADA Universitetinin Qazax Mərkəzində elmi-praktik konfrans keçirilib.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Barat Vüsal Yusif Səmədoğlunun ədəbiyyatımızdakı əvəzsiz rolu barədə iştirakçılara geniş məlumat verib.
Tədbirdə bölgənin tanınmış ziyalıları, şair və yazıçıları, ədəbiyyatsevərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Səməd Seyidov, AYB-nin Poeziya sektorunun rəhbəri İbrahim İlyaslı, AYB-nin katibi Səlim Babullaoğlu və digər şəxslər çıxış edərək Yusif Səmədoğlunun yaradıcılığı və Azərbaycan ədəbiyyatındakı yeri, onun əsərləri haqqında fikirlərini bölüşüblər. Çıxışçılar onun milli dəyərlərə bağlı yaradıcılığı ilə yanaşı, dünya ədəbiyyatına inteqrasiya baxımından da əhəmiyyətli töhfələr verdiyini vurğulayıblar. Yusif Səmədoğlunun “Qətl günü” romanının milli nəsrimizdə yeni bir mərhələnin başlanğıcı olduğu diqqətə çatdırılıb.
Yusif Səmədoğlu nə özündən əvvəlki, nə də özündən sonrakı yazıçılara bənzəyirdi. Onun yaradıcılığında özünəməxsus düşüncə tərzi, dərin fəlsəfi yanaşma və ədəbi dillə susaraq danışmaq bacarığı vardı. O, sözü sadə deyir, amma fikri dərinləşdirirdi. Yazılarında zamanla məkanın, insanla düşüncənin sərhədlərini itirir, oxucunu düşünməyə, özünə dönməyə vadar edirdi. Buna görə də Yusif Səmədoğlu Azərbaycan ədəbiyyatında tək və təkrarsız bir imza olaraq qaldı.
Tədbirdə Yusif Səmədoğlunun əsərlərindən seçilmiş parçalar səsləndirilib.
Sonda tədbir iştirakçıları belə tədbirlərin regionlarda ədəbi həyatın canlanması, klassik irsin yeni nəsillərə çatdırılması və milli kimliyimizin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.