Azərbaycan Asiya ilə Avropa arasında əsas logistika qovşağı qismində rolunu gücləndirir VİDEO
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Asiya ilə Avropanı birləşdirən strateji quru-dəniz logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən “Black and Caspian Freight Forum - 2025” tədbirində çıxış edən “Alliance Multimodal” şirkətinin baş direktoru Natiq Cəfərov deyib.
Onun sözlərinə görə, son illər ölkədə nəqliyyat-logistika infrastrukturu əhəmiyyətli dərəcədə modernləşdirilib, dəmir yollarının və dəniz limanlarının ötürücülük imkanları genişləndirilib, müasir logistika mərkəzləri yaradılıb.
“Bu tədbirlər yükdaşımaların həcmini artırıb və Azərbaycan ərazisindən tranziti daha etibarlı və rəqabətqabiliyyətli edib. Belə ki, Bakı Limanı əhəmiyyətli yükdaşıma həcminə malikdir. İllik 150 min TEU yükdaşımaya malik olan limanın iki il ərzində bu həcmi 260 minə TEU-ya çatdırması gözlənilir. Həmçinin Bakı Limanı illik 60 min avtomobil və 100 min vaqonla yükdaşımaları həyata keçirmək imkanına malikdir”, - deyə o vurğulayıb.
N.Cəfərov qeyd edib ki, son illərin qlobal böhranları - pandemiya, dəniz nəqliyyatında yaranan fasilələr və Ukraynadakı müharibə alternativ və dayanıqlı marşrutlara ehtiyac olduğunu əyani şəkildə nümayiş etdirib: “Belə bir şəraitdə Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərində ən mühüm istiqamətə çevrilib. Dəmir yolu sahəsinə gəldikdə, Bakı-Böyük Kəsik magistral xətti üzrə hazırda ildə 30 milyon tonadək yük daşınarkən, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımaların həcmi 5 milyon tondan 17 milyon tonadək artırılması planlaşdırılır. Zəngəzur dəhlizi ilə isə daha 15 milyon ton yük daşına biləcək. Bu investisiyalar Azərbaycanın Orta Dəhlizin əsasını qurmaq öhdəliyini göstərir”.
O, həmçinin əlavə edib ki, Azərbaycan ərazisindən keçən yeni dəmir yolu marşrutları Çini, Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirir, habelə regiondakı tərəfdaşlarla əməkdaşlıq tranzitin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.