Konstantin Laykam: Azərbaycanda statistika işi müasir tələblərə uyğun təşkil olunub VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
Bu gün statistika hər bir dövlətin inkişafının mühüm tərkib hissəsini təşkil edir. Statistik hesabatlar iqtisadi vəziyyəti, əhalinin sayını, sosial vəziyyəti və perspektivdə görüləcək işləri planlaşdırmağa imkan verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən 3-cü Beynəlxalq Statistika Forumunda jurnalistlərə açıqlamasında MDB Statistika Komitəsinin sədri Konstantin Laykam deyib.
O bildirib ki, statistika həm də məlumatların yoxlanılması və düzgünlüyünə nəzarət edərək, dövlətə və ictimaiyyətə dəqiqləşdirilmiş məlumatlar təqdim edir.
“Bu gün statistikanın elektronlaşması vacib məsələlərdən biridir. Bu həm dəqiqliyi, həm də işin asanlaşmasını təmin edir. Təhlil aparılarkən dəqiq rəqəmlərə istinad olunur. Forumda müasir statistikanın problemləri, MDB dövlətlərinin müvafiq qurumlarının əməkdaşlığı və gələcək planlar müzakirə olunacaq. Azərbaycanda statistik hesablamalarla tanış oldum. Nəzərə çatdırmalıyam ki, bu sahədə dünyanın aparıcı dövlətlərinin təcrübəsindən istifadə olunub və statistika işi yaxşı təşkil olunub”, - deyən Konstantin Laykam Azərbaycan təcrübəsindən istifadə etməyin zəruriliyini vurğulayıb.
İki gün davam edəcək forumda Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Gürcüstanın və digər MDB dövlətlərinin müvafiq qurumlarının rəhbərləri iştirak edirlər.