Parisdə Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü təntənə ilə qeyd edilib VİDEO
Paris, 29 oktyabr, AZƏRTAC
Parisdə oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Türkiyə və Fransanın Dövlət himnləri səsləndirilib.
Türkiyənin Fransadakı səfiri Yunus Dəmirər çıxış edərək bu gün Türkiyə Respublikasının yaranmasının 102-ci ildönümünün bayram edildiyini bildirib. O qeyd edib ki, bu bayram türk xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizəsinin simvoludur. Mustafa Kamal Atatürkün böyük arzusu bugünkü müasir, demokratik və güclü Türkiyəni yaratmaq idi.
Türkiyə bu gün regional və qlobal siyasətdə mühüm aktor kimi tanınır. İqtisadiyyatı, dinamik gənc əhalisi, inkişaf edən sənaye və texnologiya sektoru ilə ölkə Avropa və Asiya arasında bir körpü rolunu oynayır. Eyni zamanda, Türkiyə, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında, humanitar yardımların çatdırılmasında və qlobal məsələlərin həllində fəal iştirak edir.
Səfir Fransa və Türkiyə arasında əsrlərlə ölçülən dostluq və əməkdaşlıq münasibətlərinə toxunub. Bildirib ki, bu münasibətləri dərinləşdirərək gələcək nəsillərə daha güclü körpülər qoyulur. O, iki ölkə arasında dostluğa əsaslanan, güclü mədəni, iqtisadi və siyasi əlaqələrin daha da möhkəmləndiyini qeyd edib.
Y.Demirer Fransada yaşayan və 800 mindən çox üzvü olan türk diasporuna müraciət edərək vurğulayıb ki, Türkiyə öz gücü və təsiri ilə dünya arenasında söz sahibidir və hər bir türk bu böyük vətəndaşlıq və vətənpərvərlik mirasını qorumaqla məsuliyyət daşıyır.
“Bu əlamətdar gündə bütün vətəndaşlarımızı Türkiyə Respublikasının müstəqillik və firavanlıq bayramı münasibətilə təbrik edirəm. Gəlin birlikdə Atatürkün qoyduğu prinsipləri yaşadaq, ölkəmizi daha güclü, daha müasir və daha nüfuzlu bir gələcəyə daşıyaq”, - deyə səfir çıxışını yekunlaşdırıb.
Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə təşkil edilmiş qəbulda müxtəlif ölkələrin Fransada akkreditə olunmuş diplomatları, fransız siyasi xadimləri, yerli ictimaiyyətin nümayəndələri, Türkiyənin Fransadakı diasporunun üzvləri iştirak ediblər.