İtkin şəhid Fikrət Əzizov Qaradağ rayonunda dəfn edilib VİDEO
Bakı, 30 oktyabr, Göyçək Mahmudlu, AZƏRTAC
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Fikrət Abbas oğlu Əzizov oktyabrın 30-da paytaxtın Qaradağ rayonunda yerləşən "Sofi Həmid Piri" qəbiristanlığında dəfn olunub.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri, Müdafiə, Daxili İşlər nazirliklərinin əməkdaşları, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Şəhidin qardaşı Məmməd Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, Fikrət 1991-ci ildən etibarən birinci könüllü batalyonun tərkibində Vətənin müdafiəsinə qalxıb. O, bir sıra döyüşlərdə iştirak edib, sonda isə Xocalıda olub:“Xocalı hadisələri zamanı sakinləri hissə-hissə Qarqar çayından keçirirlərmiş. Birinci qrupu keçiriblər, ikinci qrupu keçirmək üçün qayıdanda geri dönə bilməyiblər”.
Məmməd Əzizov deyib ki, sonuncu dəfə qardaşı ilə 1992-ci ilin fevralında görüşüb: “İkigünlük gəlmişdi. Dedi, mən getməliyəm ki, o biri yoldaşlarım da evlərinə gələ bilsinlər. O, gedəndən sonra bir həftə keçməmiş Xocalı hadisələri baş verdi. Ondan sonra gözümüz yollarda qaldı. Xocalıda meyitlərin çıxarılmasında mən də iştirak etmişəm. Qardaşımı onların arasında axtarsam da, tapa bilmədim. 33 ildən sonra Xocalıda qazıntılar zamanı Fikrətlə birgə 4 nəfərin qalıqları tapılıb. Dövlətimiz sağ olsun ki, itkin ailələrini öz şəhidlərinə qovuşdurur, adlarına layiq şəkildə dəfn mərasimləri təşkil edilir. Fikrət ailəcanlı, pəhləvan kimi qüvvətli idi. Uzun illər keçsə də, onun haqqında danışmaq mənim üçün çox çətindir", - deyə Məmməd Əzizov qeyd edib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Fikrət Əzizov 1961-ci il yanvarın 13-də paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Fikrət Əzizov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.