Azər Qərib: “Bir səfərin izi ilə – Belçika və Lüksemburq” sənədli filmi artıq bu layihənin 7-cı ekran əsəridir VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
“Bir səfərin izi ilə” layihəsi Ümummilli Lider Heydər Əliyevin rəsmi səfərlərinin qeyri-rəsmi məqamlarını əks etdirir. Ümumilikdə layihə üzrə 10 sənədli filmin çəkilişi nəzərdə tutulub. Bu gün təqdimatı keçirilən “Bir səfərin izi ilə – Belçika və Lüksemburq” sənədli filmi layihə çərçivəsində ərsəyə gətirilən yeddinci ekran əsəridir.
AZƏRTAC xəbər verir ki, bunu layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib deyib.
O bildirib ki, indiyədək layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin Çin, Yaponiya, İtaliya, Fransa, Böyük Britaniya və türkdilli ölkələrə etdiyi səfərlərə həsr olunmuş filmlər hazırlanıb.
"Sənədli filmdə maraqlı və bir çoxumuzun bilmədiyi məqamlar yer alır. Belə ki, Lüksemburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli var. Biz həmin heykəli lentə almışıq, eyni zamanda ekran əsərində arxiv kadrları da göstərmişik", - deyə Azər Qərib deyib.