Ərəb Liqasının sabiq Baş katibi: XXI əsrdə qlobal təhlükəsizliyin əvvəlki mənası dəyişir VİDEO
Bakı, 12 mart, AZƏRTAC
XXI əsrdə qlobal təhlükəsizliyin əvvəlki mənası dəyişir. Biz məhz bu kontekstdə Qlobal Bakı Forumunda müzakirələr aparmaq üçün toplaşmışıq. Çünki, Qlobal Şimal və Qlobal Cənub arasında sosial, iqtisadi və siyasi parçalanma dərinləşib. Qlobal Cənub ölkələri artıq çoxsaylı mürəkkəb çağırışlarla üzləşir, bu isə qlobal təhlükəsizlik məsələlərinin daha mürəkkəb, çoxşaxəli olmasına şərait yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzulu paneldə Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa deyib.
“Qlobal təhlükəsizlik barədə düşünərkən əsas sual yaranır - “Qlobal Cənubun mövqeyi və bu regionla bağlı strateji addımlar necə müəyyən edilməlidir?”. Düşünürəm ki, yeni qlobal nizamın formalaşmasında təhlükəsizlik məsələlərinin rolunu dəqiqləşdirmək vacibdir. Beləliklə, qlobal təhlükəsizlik anlayışının tam şəkildə müəyyən edilməsinə nail ola bilərik”, - deyə Amr Musa vurğulayıb.