TÜRKDİLLİ ÖLKƏLƏRİN XƏBƏR AGENTLİKLƏRİ BİRLİYİ BAŞ MƏCLİSİNİN BAKIDA KEÇİRİLƏN VII İCLASI QURUMA YENİ ÜZVLƏRİN QƏBUL EDİLMƏSİ İLƏ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin “Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu” mövzusunda Bakıda keçirilən VII iclası mayın 2-də işini davam etdirmişdir.
Aprelin 30-da başlayan və Azəbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın sədrliyi ilə keçən iclasda Türkiyənin Anadolu Ajansının baş direktoru və idarə heyətinin sədri Hilmi Bengi, Qazaxıstanın Kazinform agentliyinin prezidenti Dauren Diyarov, Qırğızıstanın “Kabar” agentliyi direktorunun birinci müavini Oleq Ryabov, Şimali Kipr Türk Agentliyinin (TAK) baş direktoru Əmir Ərsoy, Tatarıstanın “Tatar-inform” agentliyinin baş direktoru Leonid Tolçinski, Başqırdıstanın “Başinform” agentliyi baş direktorunun birinci müavini Alik Şakirov və Ukraynanın Krım Muxtar Respublikasının “Krım Xəbərləri” agentliyinin baş direktoru xanım Qayana Yüksəl iştirak etmişlər.
İclasın sonuncu günü Birliyə yeni üzvlərin qəbulu, qurumun adında və Nizamnaməsində dəyişikliklərin edilməsi barədə məsələlər müzakirə olunmuşdur. Açıq səsvermədə yekdilliklə təşkilatın adının Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) adlandırılması qərara alınmışdır. “Tatar-inform”, “Başinform” və “Krım Xəbərləri” agentlikləri TKA-ya üzv qəbul olunmuşdur. Beləliklə, TKA üzvlərinin sayı 10-na çatmışdır.
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov yeni üzvləri təbrik etmiş, bu hadisənin Azərbaycanda baş verməsindən məmnunluğunu bildirmişdir.
TKA-nın internet saytının təqdimatından sonra VII iclasın Yekun sənədi qəbul edilmişdir.
Sənəddə türkdilli ölkələr və xalqlar arasında münasibətlərin daha da genişləndirilməsi baxımından TKA-nın üzvü olan agentliklərin sıx əməkdaşlığının əhəmiyyəti vurğulanmış, bununla bağlı müvafiq tövsiyələr verilmişdir.
İclasa yekun vuran AZƏRTAC-ın baş direktoru Aslan Aslanov dəvəti qəbul edərək, Bakıya gəldiklərinə, TKA-ya sədrliyin AZƏRTAC-a etibar edilməsinə görə agentliklərin rəhbərlərinə bir daha təşəkkürünü bildirmiş, qloballaşma şəraitində türkdilli xəbər agentlikləri arasında sıx əməkdaşlığın qurulmasının dost, qardaş ölkələrin və xalqların həyatı barədə obyektiv xəbərlərin dünyada yayılmasına töhfə verəcəyinə əminliyini söyləmişdir.
######
