REGİONLAR
40 saylı Gəncə üçüncü seçki dairəsində maarifləndirici treninqlər davam edir
Gəncə, 18 yanvar, AZƏRTAC
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün təşkil olunan treninqlər Gəncədə də uğurla davam edir.
40 saylı Gəncə üçüncü dairə seçki komissiyasının sədri Elbar Əhmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlər gün ərzində iki dəfə olmaqla, məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə keçirilir.
Treninqlər zamanı seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə prosesi, səslərin hesablanması, protokolun doldurulması və sair mövzularda təqdimatlar edilir, müzakirələr aparılır və suallar cavablandırılır.
Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur.