Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər VİDEO
Tbilisi, 15 iyun, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının (ADAF) “Gənclərə dəstək” iştirakçıları Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən həyata keçirilən “Gənclə dəstək” layihəsi çərçivəsində Tbilisi Dövlət Konservatoriyasının dəstəyi ilə reallaşıb.
Miray Fərzulla, Suel Kərimli, Nuray Həsənli, Ümid Əsgərli İgan, Anisa Karmel Əsgərli, eləcə də Tbilisi Dövlət Konservatoriyasının yetirmələri Giorgi Meqrelişvili, Baçi Mikeladze, Andria Kapanadze və başqaları pianoda Azərbaycan, gürcü və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər.
Qeyd edək ki, gürcü tamaşaçılar Nuray Həsənlinin Tbilisi haqqında mahnısını zalda canlı ifa edərək, gənc pianoçuya dəstək olublar.
Konsertin təşkilatçılarından biri “Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyinin icraçı direktoru Tsitsi Biçikaşvili AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivi Tbilisidə çox maraqlı konsert proqramı ilə çıxış etdilər. Bu bizim üçün çox vacib bir tədbir idi. Xüsusən də Azərbaycanlı gənc ifaçıların Tbilisi və Gürcüstan haqqında mahnıları ifa etmələri tamaşaçıların ürəyincə oldu. Düşünürəm ki, belə tədbirlər davamlı olmalıdır. Ona görə ki, belə tədbirlər həm mədəni əlaqələrimizin genişlənməsində, həm də gənc musiqiçilərimizin inkişafında mühüm rol oynayır”.
“Bu gün Azərbaycan xalqı 15 İyun-Milli Qurtuluş Gününü qeyd edir. Bu bayram münasibətilə də Azərbaycan xalqını, bütün dostlarımızı təbrik edirəm”, – deyə T.Biçikaşvili bildirib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova-Zəkəriyyə bildirib ki, gənc musiqiçilərimizin çıxışı milli musiqimizin təbliğinə, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və mədəniyyətlərarası dialoqun genişlənməsinə xidmət edir. Musiqi vasitəsilə qurulan bu mədəni körpü ölkələrimiz arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın daha da inkişaf etməsinə şərait yaradır.
O deyib: “Konsertin 15 İyun – Milli Qurtuluş Gününə təsadüf etməsi isə tədbirə xüsusi rəmzi məna qazandıraraq, mədəniyyətin xalqları birləşdirən gücünü bir daha nümayiş etdirir. 15 İyun tarixində Gürcüstanın Tbilisi Dövlət Konservatoriyası keçirilən konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən həyata keçirilən “Gənclərin dəstəyi” layihəsi çərçivəsində Tbilisi Konservatoriyası ilə birgə təşkil olunmuşdur. Tədbir Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verir”.