Elçin Abdullayev: Dünyada gedən proseslər ordunun müdafiə qabiliyyətinin artırılmasını labüd edir VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
Beynəlxalq missiyalarda Azərbaycan ordusunun nümayəndələrinin iştirakı, tərəfdaş dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu əməliyyatlarda iştirak yalnız Azərbaycanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi demək deyil, eyni zamanda, Azərbaycan Ordusunun nüfuzunun artması, yeni əməkdaşlıq imkanlarının yaradılması deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Elçin Abdullayev iyulun 2-də “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatı zamanı deyib.
O bildirib ki, bu gün dünyada gedən proseslər və təhlükəsizlik mühitinin, dəyişikliklərin yüksək dinamikası Azərbaycan Ordusunun müdafiə qabiliyyətinin, müdafiə potensialının artırılmasını labüd edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun potensialının artırılması, ordu quruculuğu, ordunun modernizasiyası üzrə islahatlar bu gün də aparılır.