Rüfət Həmzəyev: Media yaddaşın necə qorunacağını və gələcək nəsillərə necə ötürüləcəyini də düşünməlidir VİDEO
Şuşa, 14 iyul, AZƏRTAC
Media təkcə dağıntıları deyil, həm də dayanıqlılığı, bərpa və yenidənqurma prosesini işıqlandırmalıdır. Dağıntıların sənədləşdirilməsi ilə bərpa prosesinin işıqlandırılması arasında mühüm fərq var. Dağıntılar dərhal baş verir, bərpa isə daha uzun zaman tələb edən bir prosesdir. Dağıntılar təsirli görüntülər və diqqətçəkən başlıqlar yaradır. Bərpa prosesi isə daha mürəkkəb və çoxşaxəlidir.
AZƏRTAC xəbər verir ki, bunu “AnewZ” televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev iyulun 14-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti" mövzusunda panel müzakirədə çıxışı zamanı deyib.
"Burada medianın üzərinə düşən daha bir mühüm məsuliyyət var. Media yalnız baş verənləri çatdırmaqla kifayətlənməməlidir. Yaddaşın necə qorunacağını və gələcək nəsillərə necə ötürüləcəyini də düşünməliyik", - deyə Rüfət Həmzəyev deyib.