“Bizə ən əziz dost kimi qucaq açdınız” - Ukraynalı uşaqların Qəbələdə keçən bir günü REPORTAJ VİDEO
Qəbələ, 15 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn ukraynalı uşaqlar və onları müşayiət edən heyət artıq bir neçə gündür Qəbələdə qonaqdırlar. Onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində həm peşəkar tibbi-psixoloji xidmətlər alır, həm də Azərbaycanın füsunkar təbiəti və qədim tarixi ilə tanış olurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gün qonaqların marşrutu Qəbələnin cənnət guşəsi — Laza kəndi olub. Çəkiliş qrupumuz da bu səmimi, şən və duyğu dolu səyahətə onlarla birlikdə yollanıb.
Səhər saatlarında Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin foyesində şən bir səs-küy var. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş mərkəzin əməkdaşları uşaqları səfərə hazırlayırlar. Yola çıxmazdan əvvəl həkim və psixoloqlar hər bir uşağın səhhətini yoxlayır, onlara xoş istirahət arzulayaraq avtobuslara yola salırlar.
Avtobus yerindən tərpənən kimi salondakı ab-hava tamamilə dəyişir. Qrup rəhbəri Mariya xanımın müşayiəti ilə uşaqlar Ukrayna xalqının qəhrəmanlığını və dözümlülüyünü tərənnüm edən coşqulu bir nəğmə oxumağa başlayırlar. Bu musiqi sədaları altında Laza kəndinə doğru yol alırıq.
Dağ havası, yoqa və rəqslərlə dolu Laza gəzintisi
Laza kəndinin təbiət qoynundakı istirahət mərkəzlərindən birinə çatırıq. Bizi burada şəhərin boğucu istisindən uzaq, sərin dağ mehi və bol oksigen qarşılayır. Təmiz hava uşaqlara sanki yeni bir enerji verir.
Gəzinti mərkəz əməkdaşlarının rəhbərliyi ilə keçirilən yoqa məşğələsi ilə başlayır. Bədənlərini və ruhlarını dincəldən uşaqlar daha sonra dinamik musiqi sədaları altında rəqs edib əylənirlər. Onların çöhrəsindəki təbəssüm, gözlərindəki sevinc bura toplaşan hər kəsin ürəyini isidir.
Fürsətdən istifadə edib balaca qonaqlarımızla söhbətləşirik. Darya Juravlenko ilk dəfədir Azərbaycandadır. O, keçirdiyi hər günün həyatında silinməz və olduqca xoş izlər buraxdığını deyir.
Yeddi yaşlı Timur Suprun isə qrupun ən kiçik və ən diribaş üzvlərindən biridir. Yerində dinc durmayan balaca Timur həm mərkəzdəki oyun otaqlarını, həm də buradakı əyləncələri çox sevdiyini bildirir. Xüsusilə hovuzda çimmək onun ən sevimli məşğuliyyətidir. Başını qaldırıb zirvəsi qarla örtülü uca dağlara baxaraq ürəkdolusu danışır.
“Bizi o qədər səmimi qarşıladınız ki...”
Balaca Timuru dinləmək nə qədər xoş olsa da, qrupun digər rəhbəri Anna Zaxareviç onu digər uşaqların yanına, oyuna dəvət edir. O, uşaqların bu sevincli anlarını izləyərkən hisslərini bizimlə bölüşür: "Bakıya endiyimiz, təyyarədən düşdüyümüz ilk saniyədən bizə göstərilən diqqət və qayğını sözlə ifadə etmək çətindir. Hər bir istəyimiz dərhal yerinə yetirilir. Bizi o qədər səmimi qarşıladınız ki, özümüzü yad bir ölkədə deyil, ən əziz dostlarımızın evində hiss edirik. Əminəm ki, uşaqlar bu günləri ömürləri boyu unutmayacaqlar."
Anna xanım qeyd edir ki, proqram olduqca zəngindir. Uşaqlar təkcə Qəbələni deyil, artıq qonşu Şəki rayonunun da qədim memarlığını, tarixi abidələrini gəzib görüblər.
Beləliklə, Azərbaycanın bu cənnət guşəsində keçən hər bir gün ukraynalı uşaqların reabilitasiyasına kömək etməklə yanaşı, həm də onların müharibənin gətirdiyi stres və narahatlıqdan uzaqlaşaraq daxili rahatlıq tapmasına kömək edir. Bu humanitar missiya təkcə tibbi reabilitasiyadan ibarət deyil, o, həm də iki xalq arasında səmimiyyət, sevgi və sülhdən yaranan möhkəm dostluq körpüsünü təcəssüm etdirir. Qəbələnin füsunkar təbiəti ilə qovuşan, həkim və psixoloqların böyük qayğısı ilə sarılan bu yaralı qəlblər vətənlərinə çiyinlərindəki ağır yükü atmış, çöhrələrində təbəssüm, yaddaşlarında isə Azərbaycan sevgisini daşıyan xoşbəxt uşaqlar kimi qayıdacaqlar. Onların həm tam sağlamlıqlarına qovuşması, həm də qədim yurdumuzun zəngin mədəniyyətini kəşf etməsi üçün nəzərdə tutulan bu geniş reabilitasiya və gəzinti marafonu növbəti günlərdə də yeni səyahət marşrutları ilə davam edəcək.
Müxbir - Rasim İslamoğlu