ANAMA-nın sədri: Ən müasir texnologiyalardan istifadə olunsa da, minatəmizləmənin əsas hərəkətverici qüvvəsi insan əməyidir VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Bu gün ANAMA müasir texnologiyalar, innovativ metodologiyalar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, Azərbaycanın humanitar minatəmizləmə təcrübəsi beynəlxalq səviyyədə maraqla öyrənilən və nümunə göstərilən fəaliyyət istiqamətlərindən biridir.
“Ən müasir texnologiyalar və mexaniki vasitələrdən istifadə olunsa da, humanitar minatəmizləmənin əsas hərəkətverici qüvvəsi insan əməyidir. Minaaxtaranların peşəkarlığı, dəqiqliyi və məsuliyyəti hər bir əməliyyatın uğurunu təmin edən əsas amildir. Agentliyin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması, insanların təhlükəsiz qayıdışının təmin olunması və ölkəmizin davamlı inkişafına töhfə verməkdir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.