Samux DAİM-in rəsmisi: Yeni güzəştli kredit imkanları və subsidiyalar fermerlərin balıqçılığa marağının artmasında böyük rol oynayacaq VİDEO
Samux, 17 iyul, AZƏRTAC
Ölkəmizdə ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsi, aqrar sahədə dayanıqlı inkişafın sürətləndirilməsi və qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" da bu məqsədlərə xidmət edir. Dövlət Proqramı aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi üçün bir sıra mühüm strateji vəzifələrin icrasını nəzərdə tutur. Proqramın ən mühüm istiqamətlərindən biri balıqçılıq və akvakultura sahələrinin inkişafı ilə bağlıdır. 2030-cu ilədək balıq istehsalının 7,7 min tona çatdırılması, ixracyönümlü və rəqabətqabiliyyətli akvakultura istehsalının formalaşdırılması, daxili bazarın yerli balıq məhsulları ilə təminatının artırılması hədəflənir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ərazisindən Kür, Qabırrı, Gəncə və Qoşqar kimi çaylar keçən, təbii bulaq suları və əlverişli coğrafi mövqeyi ilə seçilən Samux rayonunda fəaliyyət göstərən balıqçılıq təsərrüfatları işlərini yenidən qurmağı planlaşdırırlar.
Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq sektorunun müdiri Murad Qədimovun bildirdiyinə görə, hazırda əsas məqsəd bu sahədə qeydiyyat prosesinin dəqiq aparılması və mövcud akvakultura təsərrüfatlarının qeydiyyata alınmasıdır: "Dövlət Proqramında akvakulturanın inkişafı üçün mühüm dövlət dəstəyi tədbirləri nəzərdə tutulub. Bunlardan biri kimi, istehsal olunan balıq məhsullarının hər kiloqramına görə müəyyən subsidiya məbləğinin təyin olunması istiqamətində işlər aparılır. Dövlət Proqramında nəzərdə tutulan yeni güzəştli kredit imkanları və subsidiyalar fermerlərin balıqçılığa marağının artmasında böyük rol oynayacaq."

Rayondakı balıqçılıq təsərrüfatlarından biri 2008-ci ildən Hacıalılı kəndində fəaliyyət göstərir. Təsərrüfat sahibi Osman İsmiyev deyir ki, 2,5 hektar sahədə yerləşən, təxminən 13 metr dərinliyə malik göl təbii sular hesabına yaradılıb.“Hər dəfə gölə Neftçala, İmişli, Saatlı rayonlarından və Mingəçevir şəhərindən gətirilən 12 minədək balıq körpəsi buraxılır. Bunlar sazan, qalınalın, ağ amur, naqqa balıqlarıdır. Körpə balıqlar göldə iki ilədək böyüdülür və daxili bazarda satışa çıxarılır. İstehsal 15-18 tonadək olur. Subsidiya, güzəştli kreditlər olsa, təsərrüfatımızı daha da genişləndirə bilərik”, - deyən təsərrüfat sahibinin sözlərinə görə, gələn istehsalın 20 tona çatacağı gözlənilir. Təsərrüfat sahibi onu da əlavə edib ki, dövlət dəstəyi mexanizmlərindən istifadənin genişləndirilməsi bu sahənin daha da inkişafına gətirib çıxaracaq.
Müxbir – Vüsalə Cənnətova