Komitə sədri: Süni intellekt dövründə gənclər özlərini daha təkmil səviyyədə ictimaiyyətə təqdim etməlidirlər VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Süni intellekt, rəqəmsallaşma dövründə gənclərimiz, yeni kadrlarımız daim, fasiləsiz təhsil almalıdırlar. Özlərini daha təkmil bir səviyyədə ictimaiyyətə, dövlətə, şirkətlərə, qruplara təqdim etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində deyib.
“Son zamanlar süni intellekt söz birləşməsindən daha çox istifadə olunur. Bu, dünyada gündəmi zəbt edən ifadələrdən biridir, ancaq bu söz birləşməsinin açar sözü süni deyil, intellektdir. Ona görə də bundan sonrakı fəaliyyətinizdə istər süni, istər ənənəvi olsun, intellektdən kənarda qalmayın. Bütün bu inkişaf, müsabiqə, keçdiyiniz həyat yolunda ən önəmli məqamlardan biri də innovasiya, rəqəmsal transformasiya, süni intellekt, bütün texnoloji imkanlardan istifadə etməklə əsas meyarınız milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə sadiq qalmanızdır”, - deyə komitə sədri diqqətə çatdırıb.