TİKA-nın Bakı koordinatoru: "Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq VİDEO
Bakı, 30 iyul, AZƏRTAC
Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən İnkişaf Elçiləri Proqramının ilk mərhələsinə Azərbaycandan start verilib.
Türkiyədə və dünyanın müxtəlif ölkələrində ali təhsil alan gənclərimizin ilk dayanacağı təsadüfi olaraq Azərbaycan seçilməyib. Bunun əsasında tarixi və mənəvi bağlarımız dayanır. 1918-ci ildə Qafqaz İslam Ordusunun Nuru paşanın komandanlığı altında Azərbaycanı işğaldan azad etməsi qardaşlığımızın ən parlaq nümunələrindən biridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı koordinatoru Mahmut Ağırman söyləyib.
“Layihə iştirakçıları Azərbaycanda TİKA tərəfindən müxtəlif rayonlarda həyata keçirilən fəaliyyətlərlə yerində tanış oldular. Dializ mərkəzlərinə baş çəkdilər, universitet xəstəxanalarında həyata keçirilən layihələrlə tanış oldular, Türkiyədən olan akademik heyətlə azərbaycanlı həkimlərin birgə əməkdaşlığı barədə məlumatlar aldılar. Kənd təsərrüfatı sahəsində TİKA tərəfindən həyata keçirilən layihələr də iştirakçılar tərəfindən yerində öyrənildi. Xüsusilə arıçılıq layihələri, arı ailələrinin və pətəklərin paylanılması, arıçılıq mərkəzlərinin fəaliyyəti, həmçinin istixana təsərrüfatı, ağacəkmə və tingçilik layihələri gənclər tərəfindən əyani şəkildə izlənildi", - deyə o vurğulayıb.
Mahmut Ağırman Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu da ifadə edib: "Mən əvvəllər də Azərbaycanda olmuşam, lakin ölkənin hər gün inkişaf etdiyini və böyüdüyünü görmək qürurvericidir. Azərbaycanın Türkiyəyə enerji, təbii qaz və digər sahələrdə verdiyi töhfələr, eləcə də qarşılıqlı bilik və təcrübə mübadiləsi davam edir. Biz "Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq".