Nazir: Kənd təsərrüfatında süni intellektdən istifadə genişləndirilir VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatında süni intellektin tətbiqinə start verilib. Hər bir fermer Kənd Təsərrüfatı Nazirliyinin xüsusi teleqram kanalı vasitəsilə öz bağ və ya əkin sahəsini qeydiyyatdan keçirərək suvarma, bitki xəstəlikləri və digər aqrar məsələlərlə bağlı operativ məlumat ala bilər. Eyni zamanda, fermerlər məhsullarını hansı bazarlarda sata biləcəkləri və həmin bazarlardakı gündəlik qiymət dəyişiklikləri barədə məlumatlandırılırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
2026-cı ildən etibarən subsidiyaların ayrılması zamanı əkin sahələrinin yoxlanılmasında da süni intellektdən istifadə olunduğunu qeyd edən nazir deyib: “Peyk vasitəsilə çəkilən təsvirlər süni intellekt vasitəsilə avtomatik təhlil edilir, ərazinin koordinatları, əkinin mövcudluğu, onun inkişaf fazaları və ümumi vəziyyəti dəqiqləşdirildikdən sonra subsidiyaların ödənişi həyata keçirilir”.