Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO
Şuşa, 12 sentyabr, AZƏRTAC
“Qarabağda yəqin ki, artıq səkkizinci dəfədir oluram, Xankəndiyə isə ilk dəfə gəlmişəm. Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı”, - deyə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.
O, Xankəndidə Zəfər Parkında yerləşən abidənin və Zəfər tağının rəmzi əhəmiyyətini qeyd edib.
“Biz böyük sevinc və ehtiramla Qarabağın böyük əziyyətlərlə qazanılmış, bu gün isə artıq xoşbəxt olan torpağına gəlirik. Bu möhtəşəm abidə və Zəfər tağı yeni dünyaya açılan qapını simvolizə edir. Vətən müharibəsinin 44 günü, Qarabağın azad edilməsi - hər gün sanki qələbəyə aparan pillələr kimi müəyyən bir elementlə ifadə olunub. Bu, həqiqətən də möhtəşəm ideyadır. Abidə çox gözəldir - ağ rəngdədir, yüngül və zərif təsir bağışlayır”, - deyə Aktotı Raimkulova bildirib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti abidənin və Zəfər Parkının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Xankəndi ümumiyyətlə, heyran edir. Bilirik ki, vaxtilə bu, mühüm mərkəz olub, burada dövlət muzeyləri, universitetlər fəaliyyət göstərib. Bu gün bütün bunlar yenidən dirçəldilir. Mən mədəniyyət və incəsənət adamıyam, buna görə də möhtəşəm Mədəniyyət Mərkəzini ziyarət etməkdən xüsusilə məmnun oldum”, - deyə o bildirib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan xalqını Qarabağda həyata keçirilən genişmiqyaslı layihələr münasibətilə təbrik edib. O, davamlı sülhün bərqərar olacağına ümid etdiyini bildirib və uşaqlara sülh şəraitində gələcək arzulayıb.
“Çox ümid edirəm ki, Azərbaycan torpağında həmişə sülh olacaq. Qoy torpaqlarımızda sülh olsun, qoy xalqlarımız sülh içində yaşasın, uşaqlarımız isə həmişə başları üzərində gözəl mavi səma görsünlər”, - deyə o əlavə edib.