FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO
Kəlbəcər, 12 sentyabr, AZƏRTAC
Buraya hər dəfə gəldikdə daha çox inkişafın və tərəqqinin şahidi oluram.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat xarici diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri zamanı deyib.
O bildirib ki, Azərbaycan hökuməti bölgənin infrastrukturunun inkişafına və təbii resurs potensialının yaxşılaşdırılmasına böyük investisiyalar yatırır.
“Bu ərazi təbii resurslarla çox zəngindir. Burada su, yaşıllıq, torpaq və digər imkanlar var. Bu, Azərbaycan üçün mühüm aktivdir. Düşünürəm ki, bu potensialdan dayanıqlı şəkildə istifadə etməklə bölgəni daha məhsuldar etmək və Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verməsini təmin etmək mümkündür”, – deyə FAO-nun nümayəndəsi qeyd edib.
Nasar Hayat Qarabağın və Şərqi Zəngəzurun tarixi və mədəni irsinin bərpasının əhəmiyyətini də vurğulayıb.
“Bu, ümumbəşəri irsdir. Hökumət tarixi abidələrin bərpası və onların ilkin görkəminə qaytarılması istiqamətində çox yaxşı işlər görür. Çünki bu irs yalnız bir regiona və ya icmaya məxsus deyil, hamımıza aiddir”, – deyə o əlavə edib.