Burhanəddin Duran: Türk dünyasının ortaq ağıl və güclü həmrəyliklə hərəkət etməsi zamanın tələbidir VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Beynəlxalq sistem gedərək dərinləşən böhranlar, artan geopolitik rəqabət, tədarük zəncirləri, enerji və ərzaq təhlükəsizliyi problemləri, iqlim dəyişikliyi, qeyri-müəyyənliklər, kibertəhdidlər və dezinformasiya kimi çoxşaxəli sınaqlarla üz-üzədir. Belə bir dövrdə Türk dünyasının ortaq ağıl və güclü həmrəyliklə hərəkət etməsi daşıdığımız məsuliyyətin və zamanın tələbidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanəddin Duran “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda keçirilən panel iclasa ünvanladığı videomüraciətdə bildirib.
Onun fikrincə, bu baxımdan regional sülhə töhfə verən, iqtisadi inkişafı dəstəkləyən Orta Dəhlizdən enerji sahəsinə, ticarətdən rəqəmsal iqtisadiyyata, süni intellektdən fəlakətlərin idarə olunmasına qədər bir çox sahədə inkişaf etdirilən tərəfdaşlıqlar Türk dünyasının sahib olduğu böyük potensialın bariz göstəricisidir.