Həsən Həsənov: Atropatena Assuriya imperiyasının süqutundan sonra yaranıb VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Atropatena eramızdan əvvəl 612-ci ildə yaranıb. Roma tarixçisi Ammian Marsellin, həmçinin Karkı de Bet Slokun Suriya xronikasında yazılır ki, Atropatena Assuriya imperiyası dağılanda yaranıb. Karkı, yəni Kərx deməkdir. Amma bizim elmdə belə qəbul olunur ki, Atropatena İsgəndərin imperiyası dağılanda yaranıb. Assuriya imperiyası da eramızdan əvvəl 612-ci ildə süqut edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, görkəmli ictimai və siyasi xadim Həsən Həsənov “Qafqaz Albaniyası haqqında Həsən Həsənovun Azərbaycan - tarixi- coğrafi atlas"ından çıxarışlar mövzusunda keçirilən seminarda çıxışı zamanı söyləyib.
"Nə Ammian Marsellinin dediklərini nəzərə alırlar, nə Karkı de Bet Slokun Suriya xronikasını nəzərə alırlar, nə Polibinin dediklərini nəzərə alırlar, nə də Kvint Kurtsi Ruf adlı Roma tarixçisinin yazdıqlarını nəzərə alırlar. Kvint Kurtsi Ruf deyir ki, İsgəndər gələndə ilk əvvəl Atropatenaya getdi. Deməli, o da göstərir ki, İsgəndər gələndə Atropatena artıq mövcud idi", - deyə H. Həsənov vurğulayıb.