Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycan xalqı üçün çox əlamətdar bir gündür. Təsadüfi deyil ki, Milli Musiqi Günü Azərbaycan professional musiqisinin banisi, milli musiqimizin inkişafında misilsiz xidmətləri olan dahi bəstəkar və böyük maarifçi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Sumqayıt Musiqi Kollecinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Həsənova deyib.
O qeyd edib ki, Milli Musiqi Gününə həsr olunan konsert onun kollecdə rəhbərliyə başladığı qısa müddət ərzində təşkil edilən ilk tədbirdir.
“Çox xoşbəxtəm ki, ilk tədbirimiz məhz Milli Musiqi Gününə təsadüf etdi və bu əlamətdar günə həsr olundu. Qısa müddətdə hazırlanmasına baxmayaraq, kollektivimiz böyük əzmlə çalışaraq maraqlı konsert proqramı təqdim etdi. Dinləyicilərin konsertə göstərdiyi rəğbət və xoş təəssüratları isə bizim üçün xüsusilə sevindiricidir”, – deyə N.Həsənova əlavə edib.