Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO
Astana, 27 oktyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli final görüşündəki məğlubiyyətini öz səhvləri ilə əlaqələndirib.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində Ermənistan təmsilçisi Karen Aslanyana məğlub olan idmançımız yarışdan sonra jurnalistlərə açıqlama verib.
“Bu, dünya çempionatlarında ikinci finalım idi. Təbii ki, ikinci dəfə dünya çempionu olmaq istəyirdim. Bu yarışa da həmin məqsədlə gəlmişdim, amma qismət olmadı. Gümüş medalla kifayətləndim”, - deyə Nihat Məmmədli bildirib.
Final görüşündəki səhvlərindən danışan güləşçi tələsdiyini və bunun nəticəyə təsir etdiyini qeyd edib.
“Mən çox səhv etdim, çox tələsdim. Daha rahat güləşib qalib gələ bilərdim. Amma öz səhvlərimə görə məğlub oldum. Bundan dərs çıxaracağam”, - deyə idmançı vurğulayıb.
Qeyd edək ki, Nihat Məmmədli 2024-cü ildə Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.