REGİONLAR
44 günlük müharibədə Azərbaycan Ordusunun qüdrəti bütün dünyaya nümayiş etdirildi
Beyləqan, 25 iyun, AZƏRTAC
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Güclü ordu, güclü dövlət” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Birinci Qarabağ müharibəsi veteranlarının, 44 günlük Vətən müharibəsi şəhidlərin yaxınlarının, qazilərin, eləcə də təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova bildirib ki, ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək uzun illərdən bəri düşmən tapdağında olan tarixi torpaqlarımızı işğaldan azad etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət, müzəffər Ordumuzun gücü və xalqın birliyi sayəsində Azərbaycan Zəfər qazandı. Bu Zəfər həm də Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 minə yaxın şəhid olmuş hərbi qulluqçusunun qanı bahasına qazanılıb.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Rövşən Namazəliyev bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə bütün dünyaya dövlətimizin və xalqımızın nəyə qadir olduğunu bir daha göstərdi. Torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusu ilə fəxr edir, qürur duyuruq.
Soltanbud kənd tam orta məktəbin müəllimi Məhəbbət Məmmədov, Beyləqan şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Gülmira Məmmədova və Vətən müharibəsində iştirak edən gənclər çıxışlarında vurğulayıblar ki, şəhidləri yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Vətən üçün canını fəda edən Vətən oğulları hər zaman bizim qəlbimizdə yaşayacaq.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda mərkəzin əməkdaşı tərəfindən hazırlanan 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Qalib ölkənin qalib vətəndaşlarıyıq” adlı film nümayiş etdirilib.