4SİM və Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 29 sentyabr, AZƏRTAC
“INMerge” İnnovasiya Sammiti çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası (AİPA) arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyasının təsisçi rəhbəri Zəfər Küçükşabanoğlu imzalayıblar.
İmzalanan sənəd 4SİM və AİPA arasında süni intellekt və dördüncü sənaye inqilabı texnologiyaları sahəsində əməkdaşlıq üçün çərçivə yaradır. Bu əməkdaşlıq çərçivəsində 4SİM və AİPA informasiya-kommunikasiya texnologiyaları, startap ekosistemi və ağıllı sənaye sahələrində birgə təşəbbüslər irəli sürəcək, eyni zamanda, rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi ilə bağlı təcrübə mübadiləsi həyata keçirəcəklər. Memorandum, həmçinin Azərbaycan və Türkiyə arasında bu sahədə əlaqələrin güclənməsinə, beynəlxalq miqyasda əməkdaşlığın genişlənməsinə xidmət edəcək.
AİPA 2021-ci ildə Türkiyədə təsis olunan və süni intellekt sahəsində fəaliyyət göstərən ilk qeyri-hökumət təşkilatlarından biridir. Assosiasiya süni intellekt üzrə siyasətlərin hazırlanması, diplomatiya, milli strategiyalar və sosial təsirlər mövzusunda araşdırmalar aparır, həmçinin ictimaiyyət, dövlət qurumları, universitetlər və özəl sektor arasında körpü rolunu oynayır. AİPA beynəlxalq əməkdaşlıqlarda da fəal iştirak edərək qlobal süni intellekt müzakirələrinə öz töhfəsini verir.