SİYASƏT
ATƏT-in nümayəndələri təmas xəttində monitorinq keçirəcəklər VİDEO
Bakı, 17 fevral (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Azərbaycan Respublikasının Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindən keçən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Piter Svedberq nəzarət edəcəklər.