SİYASƏT
AzərTAc-ın ABŞ-dakı xüsusi müxbiri Ağ Evdə akkreditə olunmuşdur VİDEO
Vaşinqton, 18 fevral (AZƏRTAC). Fevralın 17-də Birləşmiş Ştatlarda qeyd olunan Prezident Günü qeyri-iş günü olmuşdur. İstirahət günlərini Kaliforniya ştatında keçirən ABŞ Prezidenti Barak Obama burada Birləşmiş Ştatlarda səfərdə olan İordaniya Kralı II Abdullah ibn Hüseynlə görüşmüşdür. Görüşdə Yaxın Şərq problemi, habelə ABŞ ilə İordaniya arasında ikitərəfli münasibətlər müzakirə olunmuşdur.
Barak Obama Prezident Gününü Kaliforniyada, ölkə prezidentlərinin istirahət etdikləri və qolf oynadıqları “Sunnylands estates”də keçirdikdən sonra Vaşinqtona qayıtmışdır. “Airforce One” təyyarəsində ABŞ paytaxtına gələn Barak Obama Vaşinqton Aeroportundan “Marine-1” prezident helikopterində Ağ Evə yola düşmüşdür. Ağ Evdə akkreditə olunmuş AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı bir qrup yerli jurnalistlə birlikdə Barak Obamanı Prezidentin rəsmi iqamətgahı qarşısındakı çəmənlikdə qarşılamışdır.