6 OKTYABR TÜRKMƏNİSTANDA ANIM GÜNÜDÜR
Rixter cədvəli ilə 8-9 bal, yeni məlumata görə isə, 10 bal gücündə zəlzələ şəhəri əslində, yox etmişdi. Həmin gün hətta Moskvada torpaq layları 0,4 millimetr sürüşmüşdü.
O vaxt SSRİ səhiyyə nazirinin müavini olmuş T.Boldırev Aşqabad faciəsini belə təsvir etmişdi: “Sakit, mülayim və aydın cənub gecəsi idi. Lakin birdən sanki yer-göy lərzəyə gəldi. Torpaq əsim-əsim əsməyə başladı, yerin altından vahiməli gurultu eşidilirdi, bütün bunlar ağlasığmaz gücdə üfüqi təkanla başa çatdı. Şəhərdə uçmayan, çökməyən bina, tikili qalmadı. Yuxuda olan minlərlə insan evlərinin uçuqları altında gömüldü. Gecə növbələrində işləyən yüzlərlə insanın da taleyi belə oldu”.
Oktyabrın 6-na keçən gecə baş verən bu faciə YUNESKO reyestrində XX əsrin ən viranedici fəlakətlərindən biri kimi qeydə alındı. O vaxtın rəsmi məlumatına görə, təkanlar nəticəsində 25-30 min aşqabadlı həlak olmuşdu. Lakin Türkmənistan arxivçilərinin yeni araşdırmalarına görə isə, həlak olanların sayı qat-qat çoxdur. Türkmənistan Prezidenti Saparmurad Niyazov bildirir ki, paytaxtda yaşayan 196 min insanın 176 mini ölmüşdü. Yeri gəlmişkən, zəlzələ zamanı Niyazovun anası və iki qardaşı da həlak olmuşdu.
1995-ci ildən 6 oktyabr Türkmənistanda Anım günü elan edilmişdir. Həmin gün dövlət bayraqları endirilir, əyləncə tədbirləri ləğv edilir, televiziya və radio kanallarında matəm musiqisi səsləndirilir, məscid və kilsələrdə dua oxunur, ehsan verilir.