MƏDƏNİYYƏT
Ukraynanın “Kiyev Solistləri” Kamera Orkestri Şəki musiqisevərləri qarşısında çıxış edib VİDEO
Şəki, 29 iyul (AZƏRTAC, Mustafa Dadaşov). Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Ukraynanın məşhur “Kiyev Solistləri” Milli Kamera Orkestri iyulun 29-da Şəki musiqisevərlərinin qonağı olub.
AZƏRTAC xəbər verir ki, şəhərdəki yay teatrında keçirilən konsertin fəxri qonaqları arasında festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və digər tanınmış musiqiçilər də vardı.
Konserti musiqişünas Lalə Hüseynova açaraq uğurla başa çatan “İpək Yolu” V Beynəlxalq musiqi festivalından qısa müddət keçməsinə baxmayaraq Şəkidə yenidən çox gözəl musiqi bayramı əhval-ruhiyyəsinin yaşandığını bildirib. Diqqətə çatdırılıb ki, Şəki musiqisevərlərinin qonağı olan Ukraynanın məşhur “Kiyev Solistləri” Kamera Orkestri gələn il 20 illiyini qeyd edəcək. Bu illər ərzində kollektiv dünyanın bir sıra ölkələrində uğurlu konsert proqramı ilə çıxış edib. Kollektivin repertuarına dünya bəstəkarlarının ən gözəl, romantik əsərləri daxildir.
Bildirilib ki, kollektiv artıq öz repertuarına Azərbaycan bəstəkarlarının əsərlərini də daxil edib.
Konsertdə ifa olunun P.Çaykovckinin, A.Vivaldinin, İ.S.Baxın, F. Əmirovun əsərləri böyük maraq və alqışlarla qarşılanıb.
Sonda VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, məşhur violonçel ustası, dirijor, orkestrin musiqi rəhbəri Dmitri Yablonskiyə və skripka ifaçısı Janna Qandelmana şəhər icra hakimiyyəti adından xatirə hədiyyələri təqdim edilib.