MƏDƏNİYYƏT
Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq zamanı duyğulu anlar yaşandı VİDEO
Quba, 12 avqust (AZƏRTAC, Elxan Yusifli). “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində respublikanın şimal bölgəsinə ekskursiya edən Tovuz və Ağstafa məktəblilərindən ibarət qruplar avqustun 12-də Quba rayonunun görməli yerləri ilə tanış oldular.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə Quba şəhərindəki Cümə məscidində və ölkəmizdə dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbədə oldular. Burada məktəblilərin diqqətinə çatdırıldı ki, tarixən tolerant ölkə olan Azərbaycanda bütün dini azlıqlara qarşı hörmət və ehtiram göstərilir.
Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsinə gəldilər. Tur-aksiya iştirakçıları burada xalçanın toxunması prosesini əyani izləmək imkanı qazandılar.
Məktəblilərin Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlığı zamanı duyğulu anlar yaşandı. Burada erməni vandallarının xalqımızın başına açdıqları müsibətlərdən bəhs edən filmi izləyən şagirdlərin əksəriyyəti göz yaşlarına hakim ola bilmədi.
Tur-aksiya iştirakçılarının diqqətinə çatdırıldı ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Ziyarətçilərə məlumat verildi ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Diqqətə çatdırıldı ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Günün ikinci yarısında Tovuz və Ağstafa məktəblilərindən ibarət qruplar Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya etdilər.
Daha sonra tur-aksiyanın iştirakçıları "Rixos Quba Azerbaijan" otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış oldular.
Tovuz və Ağstafa məktəblilərindən ibarət qruplar avqustun 13-də Xaçmaz rayonunun görməli yerlərinə səfər edəcəklər.