SİYASƏT
Tokioda “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə Azərbaycan” adlı kitabın təqdimatı keçirilib VİDEO
Tokio, 29 dekabr, AZƏRTAC
Tokioda “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” adlı kitabın təqdimat mərasimi keçirilib.
İki ölkə arasındakı münasibətlər tarixində Azərbaycan haqqında belə bir kitab ilk dəfədir hazırlanır. Tanınmış yapon iş adamı və jurnalist, “World Investors” internet televiziyasının prodüseri Kazuyasu İşida tərəfindən səfirliyin dəstəyi ilə ərsəyə gələn kitabın təqdimatında Yaponiyanın ictimai-siyasi xadimləri, işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini və ölkəmizin bu münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, siyasi dairələr və iri şirkətlərin genişlənən əməkdaşlığı ölkələrimiz arasında dostluq və etibarlı tərəfdaşlıq münasibətlərinə çevrilib.
G.İsmayılzadə vurğulayıb ki, daim inkişaf edən münasibətlər barədə geniş təbliğatın aparılması qarşılıqlı əlaqələrin inkişafında vacib vasitələrdən biridir. Azərbaycan haqqında Tokioda ilk dəfə nəşr edilən kitab yaponlar tərəfindən ölkəmiz barədə daha ətraflı məlumatların əldə olunmasında mühüm rol oynayacaq. Səfir əmin olduğunu bildirib ki, tanınmış iş adamı və jurnalist Kazuyasu İşida tərəfindən hazırlanan bu kitab gələcəkdə digər istiqamətlərdə də yeni nəşrlərin yaranmasına təkan verəcək. O qeyd edib ki, belə nəşrlər Yaponiyada ölkəmiz haqqında daha geniş məlumatlar əldə etməyə imkan yaradacaq.
Mərasimdə çıxış edən Kazuyasu İşida kitabın hazırlanmasında göstərdiyi dəstəyə görə səfirliyə minnətdarlığını bildirib. Azərbaycana böyük rəğbətinin olduğunu deyən K.İşida iki il ərzində ölkəmizə etdiyi səfərlərin kitabın ərsəyə gəlməsində böyük rol oynadığını qeyd edib, Azərbaycanın sürətli inkişafı barədə yapon ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Azərbaycanda əcnəbi iş adamlarına yaradılan imkanlar barədə yapon biznesmenlərinin məlumatlandırılması, habelə iki ölkə arasında münasibətlərin inkişafı üçün belə nəşrlərə ehtiyac duyulduğunu qeyd edən K.İşida gələcəkdə də ölkəmiz haqqında yeni kitablar yazmaq niyyətində olduğunu bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio