SİYASƏT
Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın iclası iyunda Riqada keçiriləcək VİDEO
Bakı, 20 may, AZƏRTAC
İyunun14-15-də Riqada Azərbaycan ilə Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.
Görüşdə əsas mövzunun iqtisadi sahədə əməkdaşlıq məsələlərinin müzakirəsi olacağını bildirən səfir hər iki ölkənin bu istiqamətdə əlaqələrin daha da inkişaf etidirilməsində maraqlı olduğunu vurğulayıb: “Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı ciddi addımlar atır. Latviya Azərbaycan ilə turizm, kənd təsərrüfatı, tibb, təhsil, informasiya kommunikasiya texnologiyaları sahələrində təcrübəsini bölüşə, şimala tranzit üçün limanlarını təklif edə bilər. Görüşün sonunda iki ölkə arasında memorandum imzalanacaq. Ümid edirəm ki, bu, iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsinə töhfələrini verəcək”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Latviyanın Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini diqqətə çatdırıb: “Latviya üçün bu münaqişənin sülh yolu ilə həlli olduqca mühümdür. Aprelin əvvəllərində qoşunların təmas xəttində baş verən gərginlikdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən son görüşü də münaqişənin sülh yolu ilə həllində atılmış növbəti addımdır”.
Mayın sonlarında Latviyanın turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfər edəcəyini bildirən diplomat bu sahənin inkişaf etdirilməsinin iki ölkə arasında əlaqələrin yeni məcrada inkişafına töhfələrini verəcəyini bildirib. “Mayın 29-dan etibarən Bakı ilə Riqa arasında birbaşa mövsümi uçuşlara başlanılacaq. Düşünürəm ki, birbaşa uçuşlar turistlərin Azərbaycandan Latviyaya, eləcə də Latviyadan Azərbaycana rahat gediş-gəlişini təmin edəcək”, - deyə o qeyd edib.