İDMAN
Kirsan İlyumjinov: Bakı tarixdə ən yaxşı Şahmat Olimpiadası keçirməyə nail oldu VİDEO
Moskva, 15 sentyabr, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Kirsan İlyumjinov TASS agentliyində mətbuat konfransı keçirərək Bakıda başa çatmış 42-ci Şahmat Olimpiadasına yekun vurub. O deyib: “Bizim üçün şərəfdir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etdi, Olimpiadanı açıq elan etdi, oyunlara baxdı, Rusiyanın qadınlardan ibarət yığma komandasının üzvü, dünya çempionu Aleksandra Kostenyukun əvəzinə birinci gedişi etdi”.
K.İlyumjinovun sözlərinə görə, Bakı tarixdə ən yaxşı Şahmat Olimpiadası keçirməyə nail oldu. O deyib: “Sentyabrın 1-dən 13-dək Bakıda keçirilmiş Olimpiadanın nəticələrinə əsasən deməliyəm ki, bu, həm yarışların təşkilinə, həm iştirakçıların sayına, həm də onların keyfiyyətli tərkibinə görə FIDE tarixində ən yaxşı olimpiada oldu. 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə eyni zamanda FIDE-nin Baş Assambleyası keçirildi. Bu tədbirdə rekord sayda - 182 ölkə iştirak edirdi. Olimpiadada təmsil olunmuş kişi və qadın komandalarının sayı da rekord göstərici idi. Bu Olimpiadada 800-dən çox beynəlxalq usta, o cümlədən hazırkı iki dünya çempionu - norveçli qrossmeyster Maqnus Karlsen və Çinin qadınlardan ibarət yığma komandasının kapitanı Hou İfan iştirak edirdi. Bakı Olimpiadası bütün rekordları təzələdi”.
FIDE-nin prezidenti vurğulayıb ki, Olimpiadanın davam etdiyi bütün 13 gün ərzində bu tədbirin təşkili ilə əlaqədar FIDE tərəfindən heç bir irad olmayıb. O deyib: “Xatırladım ki, Tromsda keçirilən 41-ci Ümumdünya Şahmat Olimpiadasında arbitrlər turnir zalı ilə onların yaşadığı yer arasında məsafənin çox böyük olmasından şikayətlənirdilər. 300 hakim bu məsafəni 2 saata qət etməli olurdu. Bakıda isə FIDE-nin bütün qaydalarına riayət olunur, həm hakimlər, həm də şahmatçılar turnirin keçirildiyi yerin lap yaxınlığında qalırdı. Azərbaycan Şahmat Federasiyası və Olimpiadanın Təşkilat Komitəsi bütün tələblərə riayət edirdi. Şahmat partiyalarının keyfiyyət səviyyəsi də çox yüksək idi”.
Kirsan İlyumjinov xüsusi qeyd edib ki, Rio Olimpiadasından fərqli olaraq, Bakıda keçirilən Olimpiada dövründə dopinqlə bağlı heç bir qalmaqal olmayıb.
FIDE rəhbəri Azərbaycanda şahmatın inkişafını yüksək qiymətləndirib. O deyib: “Azərbaycan Prezidenti İlham Əliyev ilk dövlət başçısıdır ki, şahmatın inkişafına dair dövlət proqramı imzalayıb. O proqramda milli yığma komandanın hazırlanması, hər bir yaşayış məntəqəsi, hər bir rayon mərkəzində və şəhərdə şahmat mərkəzi açılmasının maliyyələşdirilməsi nəzərdə tutulub. Mən özüm Naxçıvanda və Şəmkirdə bir neçə şahmat sarayının açılışında şəxsən iştirak etmişəm. Sumqayıtda isə ağ mərmərdən şahmat şahı şəklində gözəl şahmat sarayı açılacaq, orada uşaq akademiyası olacaq. Azərbaycanda şahmat məktəb proqramına daxil edilib. Olimpiada dövründə İlham Əliyev bildirdi ki, Bakıda və bəzi başqa şəhərlərdə şahmat zəruri tədris fənni olacaq. Bu respublikada şahmata münasibət belədir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva