ELM VƏ TƏHSİL


AMEA əməkdaşlarının sosial rifahının yaxşılaşdırıması istiqamətində tədbirlər davam etdirilir

Bakı, 5 sentyabr, AZƏRTAC 

Son illər ölkəmizdə vətəndaşların sosial şəraitinin daha da yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, müxtəlif sahələrin – xüsusilə elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir. Bu tədbirlər bütövlükdə ölkənin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət tərəfindən ən çox diqqət yetirilən sahələrdən biri də məhz elm sahəsi olub. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə hər zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyətini yaxından izləyib, onun tərəqqisi yönündə taleyüklü qərarlar verib. Ümummilli Lider cəmiyyətin idarə olunmasında, ölkənin dünyada tanıdılmasında böyük rolu olan ziyalıların, alimlərin, ümumilikdə elm sahəsində çalışanların fəaliyyətini yüksək qiymətləndirib. Bu gün ölkə rəhbərliyinin AMEA-nın timsalında Azərbaycan elminin inkişafı ilə bağlı apardığı ardıcıl və məqsədyönlü siyasət uğurlu nəticələrlə, ciddi nailiyyətlərlə müşayiət olunur.

Bunu AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin elektron informasiya şöbəsinin rəis müavini Nərgiz Qəhrəmanova söyləyib. O bildirib ki, akademiya əməkdaşlarının əməyinin stimullaşdırılması, onların qazandığı nailiyyətlərin lazımi səviyyədə qiymətləndirilməsi, maddi vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir, bir-birinin ardınca mühüm sənədlər imzalanır. Elm sahəsində fəaliyyət göstərənlərin sosial vəziyyəti yaxşılaşdırılır.

Nərgiz Qəhrəmanova deyib: “Azərbaycan elminin inkişafı və AMEA-nın fəaliyyətinin daha səmərəli təşkilində rolu olan əməkdaşların, alim və mütəxəssislərin sosial vəziyyəti ilə bağlı görülən işlərdən danışarkən, “Alimlər şəhərciyi”ndən söz açmaq yerinə düşər. Təməlqoyma mərasimi ötən il keçirilmiş bu yaşayış kompleksi ekoloji təmiz havası olan ərazidə, Saray qəsəbəsində yerləşir. Burada sakinlərin rahat yaşaması üçün müvafiq infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur. Sosial rifahın yüksəldilməsimə yönəlmiş tədbirlərdən biri də dövlətimizin başçısının AMEA-da fəaliyyət göstərən əməkdaşlar da daxil olmaqla, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı verdiyi qərardır. Belə ki, Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamının əsas məqsədi bir sıra müəssisələrdə sosial müdafiəni gücləndirmək və işçilərə dövlət qayğısını daha da artırmaqdır. Sərəncama əsasən, bəzi dövlət qurumlarında çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən əhəmiyyətli şəkildə, orta hesabla 40 faiz artırılıb. Ölkədə vətəndaşların rahat yaşayışına yönəlmiş sosial islahatların tərkib hissəsi olan bu qərar bir daha onu göstərir ki, elm sahəsində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlət başçısının siyasətinin əsas xəttini təşkil edir. Prezident İlham Əliyevin elm adamlarının sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirməsi, bu sahədə çalışan hər kəsin daha həvəslə işləyərək elmimizin inkişafına mühüm töhfələr verməsinə, eləcə də gənclərin elmə cəlb olunmasına müsbət təsir göstərəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.