İQTİSADİYYAT
Almaniyada SOCAR-“Uniper” Əlaqələndirmə Şurasının altıncı iclası keçirilib
Berlin, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Almaniyanın Bavariya federal vilayətinin Teqernze şəhərində SOCAR-“Uniper” Əlaqələndirmə Şurasının altıncı iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və “Uniper” şirkətinin rəhbər şəxsləri iştirak ediblər.
Səfir Ramin Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyasının uğurlarından, Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə enerji əməkdaşlığından, ölkəmizin dünya dövlətləri və enerji şirkətləri üçün etibarlı tərəfdaşa çevrilməsindən danışıb. O, həmçinin Azərbaycan və Almaniya arasındakı münasibətlərdən ətraflı bəhs edib, bu münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyini, Almaniyanın Federal Kanslerinin ötən il Azərbaycana səfərinin münasibətlərin inkişafına yeni təkan verdiyini, habelə Azərbaycanın iqtisadi uğurları və həyata keçirdiyi regional layihələrin iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaratdığını və mədəni-humanitar sahədə əlaqələrin son zamanlar xeyli intensivləşdiyini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Ermənistanın hərbi təcavüzünün nəticələrini qeyd edib, bədnam qonşumuzun qeyri-konstruktiv mövqeyinin münaqişənin sülh yolu ilə həllinə mane olduğunu diqqətə çatdırıb.
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov Prezident İlham Əliyevin “Əsrin kontraktının 25 illiyi” tədbirindəki çıxışından sitat gətirərək, “Azərbaycanın beynəlxalq müqavilələrdə etibarlı tərəfdaş olduğunu, 25 il ərzində imzalanmış müqavilələrdə heç bir dəyişiklik olunmadığını yığıncaq iştirakçılarının nəzərinə çatdırıb. O, eyni zamanda təmsil etdiyi şirkətin Azərbaycanda və beynəlxalq bazarlarda fəaliyyəti, o cümlədən beynəlxalq əməkdaşlığı, regional və qlobal səviyyədə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
“Uniper” şirkətinin birinci vitse-prezidenti Uve Fip qlobal enerji bazarlarındakı hazırkı vəziyyətdən söz açıb və bu xüsusda şirkətin beynəlxalq fəaliyyəti haqqında danışıb.
SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Cənub Qaz Dəhlizi layihəsi, onun hazırkı vəziyyəti və bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Tədbir çərçivəsində SOCAR və “Uniper” arasındakı əməkdaşlıq, həyata keçirilmiş işlər və gələcək planlar nəzərdən keçirilib. SOCAR-“Uniper” əməkdaşlığının səmərəliliyi və qarşılıqlı faydaları vurğulanıb.
Sonra hər iki şirkətin aidiyyəti nümayəndələrinin iştirakı ilə “Azərikimya” layihəsindəki nailiyyətlər və onun cari vəziyyəti, SOCAR-ın əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb. İclas çərçivəsində tərəflər arasında 2020-ci il üçün əməkdaşlıq proqramı imzalanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin