DÜNYA
Avstriyada karantin rejiminin pozulmasına görə vətəndaşlar ümumilikdə 5,9 milyon avro cərimə ödəyiblər
Vyana, 28 avqust, AZƏRTAC
Avstriyada mart ayından bəri tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejiminin qaydalarının pozulmasına görə vətəndaşlar ümumilikdə 5,9 milyon avro həcmində cərimələniblər.
AZƏRTAC xəbər verir ki, pozuntuların əsas hissəsi (24 min 095 hal üzrə) ictimai məkanlara qanunsuz daxilolma nəticəsində baş verib. Belə hallar üzrə 19 min 874 inzibati cərimə tətbiq olunub. Altı ayı əhatə edən dövr ərzində inzibati cərimələrə görə vətəndaşlar tərəfindən ümumilikdə 5,9 milyon avro ödənilib.
Gündəlik “Kurier“ qəzetinin məlumatına əsasən, barəsində cərimə kəsilənlərdən 10 min 072 nəfəri hüquqi vasitələrdən istifadə edərək məhkəməyə şikayət verib, onların təxminən yarısının cəriməsi ləğv olunub və ya azaldılıb.
Avstriyanın müxalifət partiyaları isə indiyədək tətbiq olunan bütün cərimələrin ləğvini, pozuntulara yol vermiş şəxslərə qarşı ümumi əfvin verilməsini tələb edirlər. Avstriya Konstitusiya Məhkəməsindən bu tələblə bağlı verilən açıqlamada bildirilib ki, hər bir xəbərdarlıq, cərimə və cəza halı hüquqi müstəvidə müstəqil şəkildə araşdırıla və ona hüquqi qiymət verilə bilər. Eyni zamanda, bütün hallar üzrə əfv qərarının verilməsi həqiqətən ciddi qanun pozuntusuna yol vermiş şəxsləri cəzasız qoya, bununla da ədalətsizlik və diskriminasiyaya yol aça bilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana