Azərbaycanda ilk dəfə “pipeline stent” implantasiyası həyata keçirilmişdir
Bakı, 12 avqust (AZƏRTAC). Azərbaycanda ilk dəfə Mərkəzi Neftçilər Xəstəxanasında beyin anevrizması endovaskulyar əməliyyatı zamanı “pipeline stent” implantasiyası həyata keçirilmişdir.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, professor Əhməd Məmişin rəhbərliyi, professor Kirill Orlovun iştirakı ilə əməliyyatı Respublika Müalicə-Diaqnostika Mərkəzinin və Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri - neyrocərrah Rafael Bayramov və nevropatoloq Lalə Hüseynova aparmışlar. Beyin qanaxmalarının ən əsas səbəblərindən olan anevrizma xəstəliyinin qapalı endovaskulyar əməliyyatı ilə müalicəsində (kəllə sümüyü açılmadan damar daxilindən əməliyyat) dünyanın ancaq inkişaf etmiş mərkəzlərində icazə verilən “pipeline stent” implantasiyasından istifadə edilmişdir.
İki dəfə beyindaxili qanaxma keçirmiş 24 yaşlı xəstəyə daxili yuxu arteriyasının beyni qidalandıran ən uc hissəsindəki böyük anevrizma diaqnozu qoyulmuşdur. Bud arteriyasında açılan 2 millimetrlik deşik vasitəsilə damar daxilindən kəllə arteriyalarının içinə daxil olan həkimlər arteriyadakı balonlaşmanın ağzını “pipeline stent” implantasiyası ilə bağlamışlar. Nəticədə anevrizmanın təkrar qanaxma verməsinin qarşısı alınmışdır.