İQTİSADİYYAT
Bakıda “Zəfərə doğru” mövzusunda I işgüzar konfransı keçirilib YENİLƏNİB
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Bakıda Türkiyə-Azərbaycan Qadın Sahibkarları Platformasının “Zəfərə doğru” mövzusunda I işgüzar konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva bildirib ki, tədbirin məqsədi Azərbaycan və Türkiyə iş adamları platforması çərçivəsində türk iş adamlarının Qarabağ bölgəsinə sərmayə qoymasıdır. Qardaş Türkiyədən bir qrup sahibkar xanım Azərbaycana investisiya yatırmaqda maraqlıdır. Zəfər bayramı ərəfəsində ölkəmizə gələn iş adamları sərmayə qoymaq üçün əlverişli iqtisadi mühitdən yararlanacaqlar. Qarabağda müxtəlif sahələr üzrə işlərin görülməsinə ehtiyac var. Bu məqsədlə Türkiyədən gələn iş adamları tekstil, səhiyyə, təhsil və müxtəlif sahələr üzrə xidmətlər göstərəcəklər.
Türkiyəli iş qadını Canan Göztəpə qeyd edib ki, 20 türk iş qadınının iştirakı ilə Qarabağa səfər ediləcək və bölgənin inkişafına töhfə veriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova komitənin bir sıra layihələr həyata keçirdiyini və kənd qadını layihəsi çərçivəsində regionlarda qadınlarla iş aparıldığını, onlara biznes bacarıqları öyrədildiyini və regionlarda qadın resurs mərkəzinin yaradıldığını söyləyib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, məhz türk iş adamlarının Azərbaycana gəlişi iqtisadi və biznes sahəsində də zəfər əldə etməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Anar Əliyev, Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova da çıxışlarında qeyd ediblər ki, türk iş adamları Azərbaycan sahibkarları ilə birgə Qarabağın iqtisadiyyatını çox qısa bir müddətdə bərpa edərək, cənnətə çevirəcəklər.