İDMAN
Bakıda idman gimnastikası üzrə təsnifat yarışlarına yekun vurulub
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 32 ölkədən 54 kişi və 44 qadın idman gimnastı arasında çoxnövçülük yarışlarında əzmkar çıxışı ilə fərqlənən Səməd Məmmədli 77.931 xalla sıralamada 7-ci olub. Digər təmsilçimiz Ağamurad Qəhrəmanov 6 alətdə göstərdiyi nəticələrə əsasən, ümumilikdə 74.032 xalla 21-ci yerdə qərarlaşıb.
Qadın idman gimnastlarının təsnifat yarışlarında isə Samirə Qəhrəmanova çoxnövçülükdə 43.665 xal toplayaraq, 41 gimnast arasında 28-ci yeri tutub.
Qaydalara əsasən həm kişi, həm də qadın idman gimnastları arasında hər ölkədən yalnız bir idmançı olmaqla, ən yaxşı nəticə göstərmiş 17 gimnast oktyabrın 6-18-də Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya əldə etmiş sayılır. İlkin hesablamalara görə, Səməd Məmmədli də bu Oyunlara vəsiqə qazanmış gimnastlar arasında yer alıb. Lisenziyaların təyin olunması haqda rəsmi məlumat isə gələn həftə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiqlənəcək.