Cəlilabadda tanınmış idmançı Orxan Hətəmovla görüş keçirilib
Cəlilabad, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC
Gənclər və İdman, Təhsil nazirlikləri, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Cəlilabad rayonunun Alar kənd 1 nömrəli tam orta məktəbində “Uşu sanda” idman növü üzrə Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionatının və Dünya Kubokunun gümüş mükafatçısı Orxan Hətəmovla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov layihə barədə, Orxan Hətəmovun idman sahəsində qazandığı nailiyyətlər haqqında yeniyetmə və gənclərə məlumat verib.
Cəlilabad Rayon Təhsil Şöbəsinin metodisti Sərxoş Mirzəyev çıxışında rayon məktəblilərin son illər idman nailiyyətləri haqqında danışaraq qeyd edib ki, belə görüşlərin keçirilməsi yeniyetmə və gənclərin təlim-tərbiyəsində, idmanın kütləviliyinə nail olunmasında əhəmiyyətli rol oynayır.
Görüşdə Orxan Hətəmov çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət dəstəyindən, idman sahəsində qazandığı uğurlardan danışıb, ona ünvanlanan sualları cavablandırıb.