REGİONLAR
Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidir


Beyləqan, 4 iyun, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller iyunun 4-də xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara Ermənistanın ölkəmizə qarşı təcavüzü, münaqişənin tarixi kökləri, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, həyata keçirilən soyqırımı və etnik təmizləmə aktları, bir milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, işğal olunmuş Azərbaycan torpaqları tezliklə azad edilməli və öz vətənində məcburi köçkünə çevrilmiş bir milyondan çox insanın pozulmuş hüquqları bərpa edilməlidir. Bunun həyata keçməsi, regionda əbədi sülhün təmin olunması üçün isə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidir.
“Dünyanın güclü dövlətləri ATƏT-in üzvüdürlər. Bu dövlətlərin problemlə bağlı fəaliyyətlərinin heç bir real nəticəsi yoxdur. Nə qədər ki, Avropa dövlətləri erməni yalanlarına inanır, lazım gələndə ona dəstək verir, vəziyyət daha da gərginləşir. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik. İstəyirik ki, işğal edilmiş torpaqlarımız danışıqlar yolu ilə qaytarılsın. Lakin erməni tərəfi danışıqları uzadır, torpaqlarımızı işğal altında saxlayır və orada qanunsuz tikintilər aparır, məskunlaşma siyasəti həyata keçirir, terroristləri bu ərazidə yerləşdirir, dünya dövlətləri isə susur. Bizə deyirsiniz ki, müharibə olmaz, məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Danışıqlar isə uzanır, mənim torpağım hələ də erməni işğalındadır. Lakin bütün dünya bilsin ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa-olsun ərazi bütövlüyünü təmin edəcək”, - deyə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib.
Söhbət zamanı bölgədəki vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verilib. Rayon ərazisində bütün təmas xətti boyunca atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğu və bir çox hallarda daha intensiv xarakter daşıdığı, hərbiçilərlə yanaşı, təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfat işləri ilə məşğul olan mülkü şəxslərin, onlara məxsus avtomobillərin, mal-qara və atların Ermənistan ordusu tərəfindən hədəf seçildiyi diqqətə çatdırılıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun səhra köməkçiləri ətraflı məlumat üçün təşəkkür ediblər.