İDMAN


London derbisində beş qol vuruldu

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi oyununda “Çelsi” komandası "Arsenal" klubu ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, "Stenford Bric" stadionunda keçirilən qarşılaşmada hesabı meydan sahibləri açıb. Belə ki, "Çelsi" klubunun yeni transferi Jorjinyonun başlatdığı hücumu Pedro qolla tamamlayıb - 1:0. Bundan 10 dəqiqə sonra hesab arasındakı fərq artıb. Morata fərdi ustalığı sayəsində adını tabloya yazdırıb - 2:0. Bu qoldan sonra irəli atılan Unay Emerinin yetirmələri fasiləyə qədər hesaba tarazlıq gətirə biliblər. Qarşılaşmanın 37-ci və 41-ci dəqiqələrində Henrix Mxitaryan və Aleks İvobi fərqləniblər. London derbisində komandalar fasiləyə 2:2 hesabı ilə yollanıblar.

İkinci hissədə daha üstün oyun nümayiş etdirən Mauro Sarinin yetirmələri əsas vaxtın bitməsinə səkkiz dəqiqə qalmış hesabda irəli çıxıblar. Eden Hazardın cinah ötürməsini Markos Alonso qola çevirib. Bu, oyunda sonuncu qol olub. Beləliklə, "Çelsi" ikinci turda da qələbə qazanıb.

"Çelsi" və "Arsenal" komandaları ümumilikdə 162 dəfə qarşılaşıblar. 62 oyunda “Arsenal”, 51 görüşdə isə “Çelsi” qalib gəlib, 49 oyun isə heç-heçə başa çatıb.

Hər iki komanda çempionata yeni baş məşqçilərin rəhbərliyi ilə başlayıblar. Belə ki, 22 illik fəaliyyətdən sonra Arsen Venger “Arsenal” klubundan ayrılıb. Onun yerinə PSJ klubunun sabiq baş məşqçisi Unay Emeri təyin olunub. “Çelsi” klubunda isə Antonio Kontenin yerini Maurisio Sari tutub.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Kardiff Siti" - "Nyukasl Yunayted" - 0:0

"Everton" - "Southampton" - 2:1

"Lester Siti" - "Vulverhampton" - 2:0

"Tottenhem" - "Fulhem" - 3:1

"Vesthem" - "Bourmont" - 1:2.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.