ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada Müstəqilliyin Bərpası Gününə həsr olunan sərgi
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində ağır sınaqlardan keçərək çoxsaylı təhlükələrlə üzləşdiyini bildirib. Diqqətə çatdırıb ki, məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alınıb.
“Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqları əsasında müstəqil xarici siyasət yürüdülüb və məqsədə doğru daim inamlı addımlar atılıb. Bütün bunların nəticəsi kimi ilk dəfə olaraq bu günü qalib xalq kimi qeyd edirik”, - deyə baş direktor bildirib.
Qeyd edək ki, MEK-də Müstəqilliyin Bərpası Günü münasibətilə sərgi də təşkil olunub. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi karantin rejimi tələblərinə tam əməl olunmaqla oxucuların ixtiyarına verilib.