REGİONLAR


Qaxda Respublika Şahmat Olimpiadası başa çatıb

Qax, 21 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyulun 12-dən 21-dək keçirilən yarışda respublikamızın 58 şəhər və rayonunu təmsil edən 551 şahmatçı mübarizə aparıb.

Olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq FIDE qaydalarına əsasən keçirilib və şəxsi-komanda xarakteri daşıyıb. Şahmatçılar A və B qrupları üzrə yarışıblar. A qrupunda 11-16 yaşlarında, B qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə aparıb. A qrupunda 290, B qrupunda isə 261 şahmatçı yarışıb.

İyulun 21-də Olimpiya İdman Kompleksində olimpiadanın təntənəli bağlanış mərasimi olub. Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov, Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov çıxış edərək, belə yarışların bölgələrdə idmanın şahmat növünün kütləviliyinin daha da artmasına böyük təkan verdiyini bildirib, şahmatçılara gələcək yarışlarda uğurlar arzulayıblar.

Olimpiadanın yekun nəticələrinə əsasən, 16 yaşadək şahmatçılardan təşkil olunan komandaların yarışında Sumqayıt təmsilçiləri qalib gəlib. Sonrakı yerləri Quba və Gəncə komandaları tutublar. 10 yaşadək şahmatçıların komanda yarışları isə Bakı Respublika Şahmat Məktəbi təmsilçilərinin qələbəsi ilə başa çatıb. Sumqayıt və Şəki komandaları ikinci və üçüncü yerlərə sahib çıxıblar.

Mərasimin yekununda komanda yarışlarının qaliblərinə, həmçinin 8, 10, 12, 14 və 16 yaş qrupları üzrə şəxsi birinciliklərdə ilk üç yeri tutan oğlan və qız şahmatçılara Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının medal, diplom və pul mükafatları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.