Salyanda təhsildə fərqlənən bir qrup müəllim mükafatlandırılıb
Salyan, 5 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan Rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıblar.
Natiqlər xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan danışıblar. Tədbirdə çıxış edənlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət təhsil siyasətindən, bu sahədə əldə olunan uğurlardan bəhs ediblər.
Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətlərinə görə rayonun bir qrup təhsil işçisinə qiymətli hədiyyələr təqdim olunub.